Yuxu görmək hər birimizə tanış bir haldır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz. Elə bil yuxular insanlarla birgə yaranıb. Elə bu baxımdan da yuxular və onların həqiqi mahiyyəti, yaranması həmişə problem olaraq qalıb. Bütün bunlara baxmayaraq, yuxular gündəlik həyatımızın müəyyən bir hissəsinə çevrilib. İndi hamı yuxular haqqında danışır, elm də fasilə vermədən bu problemi araşdırmaqla məşğul olur.
YUXUGÖRMƏNİN TARİXİ
Yuxugörmənin qədim tarixə malik olmasını görmək çətin deyil. Şifahi xalq ədəbiyyatında, nağıllarda yuxularla bağlı səhnələrə, mülahizələrə tez-tez rast gəlinir. Əsrlər boyu formalaşmış yuxuyozma qaydaları indi hər birimizin ailəsinə ayaq açıb. Çox vaxtlar səhər yataqdan qalxan kimi tez yuxumuzu evdəki böyüklərə danışır və yozulmasını istəyirik. Bu tələbatlar nəzərə alınaraq müasir dövrdə çoxlu yuxuyozmalar kitabı satışa buraxılıb.
Yuxugörmə tarixi-dini ədəbiyyatda və dini biliklərdə də özünə yer tapıb. Dində yuxugörmə tam ruhi və ilahi mahiyyət daşıyır. Tarixi-elmi təcrübə göstərir ki, yuxugörmə haqqında ən dəqiq və sanballı məlumatlar elə dindədir.
Dini mənbələrdə belə deyilir:
“Çox olur ki, insanın ürəyindən bir şey keçir, amma ələ gətirə bilmir; elə də olur ki, arzulamadığı hadisələr başına gəlir. Əgər həyatda hər şey hər kəsin istədiyi kimi olsaydı, zalım hökmdarlar taxtlarından enib qara torpağa gömülərdilərmi?! Bütün bunları düşünmək və hər kiçik zərrədən tutmuş böyük planetlərə qədər hər bir şeyin Allah-Taalanın mizanına tabe olduğunu başa düşmək lazımdır. Demək ki, yuxular da Allah-Taalanın mizanına tabedir.
Yuxu insanın yatmış halında ikən gördüyü hadisə və vəziyyətə deyilir. Yuxuda ikən hadisələrin müxtəlifliyi, hətta insanın ağlına gətirmədiyi şeyləri belə yuxuda görməsi çox az nəticəsi olan araşdırmalardandır.
Ümumiyyətlə, yuxular əsasən üç yerə bölünür və bunu əksər araşdırmalar da təsdiq edir:
1. İlahi yuxulardır ki, Allah-Taala tərəfindən bir müjdə olaraq möminlərə, peyğəmbərlərə gəlir. Bu növ yuxuların kimlərə gəlməsi həm Allah sirri ilə, həm də insanın əməllərilə bağlıdır.
2. İnsanın yaşayışı ilə bağlı olan röyalar. Bu yuxularda insan gündəlik başına gələnləri və yaxud əlaqədə olduğu insanları və hadisələri belə görə bilir.
3. Şeytani yuxulardır ki, bu yuxular şeytan vasitəsilə insanın yuxusuna girir. Məsələn: Uca bir yerdən düşmək, itlərin və yaxud canavarların səni qovması və s. belə yuxulardandır. Belə yuxuları gördükdə gərək heç kimə danışmayasan, yalnız və yalnız Allaha sığınıb dua edəsən və yardım diləyəsən. Yaxud əgər şeytani yuxunu dözməyib kiməsə demək istəsən çalış ki, əməli saleh bəndələrə, möminlərə, doğru danışanlara danışasan.
Bu üç hissəyə ayrılmış yuxular özləri də birlikdə iki yerə ayrılırlar: Səhih (doğru) və batil olub insanı aldadan, şübhələrə salan yuxular. Doğru və batil yuxuların hər biri də bir neçə yerə ayrılır.
Sadiq yuxular beş yerə ayrılır və onlar aşağıdakılardan ibarətdirlər:
1. Açıqca sadiq yuxu. Bu yuxu yalnız peyğəmbərlərə aid olub vəhy şəklində zahir olmuşdur.
2. Allah tərəfindən müjdə olan sadiq yuxu; Bu cür yuxu insanın görmək istədiyi, yaxud başına gələcək hadisəni öncədən ona xəbər verir.
3. Olmuş bir hadisəni (xeyir və ya şər) sənə yu-xuda göstərib səni bu işdən xəbərdar edir. Məsələn: Məşhur alim Lomonosov atasının bir adada gəmi ilə həlak olduğunu yuxuda görmüşdü. Bir heyət yola düşərək həqiqətən də Lomonosovun yuxusunun gerçək olduğunun şahidi olmuşdu.
4. Məqsədi bəlli etməyən doğru yuxular. Bu yuxularda məqsəd aydın olmur, sadəcə hadisəyə işarə edi-lir. Belə yuxular çox vaxt yuxu sahibinin yox, əlaqədar adamların haqqında baş verir. Adətən, belə yuxularda insan hər hansı bir yeri, şəhəri, yaxud hadisəni görür və bu yuxuların yuxu sahibinə aidiyyatı ola da bilər və heç bir aidiyyatı olmaya da bilər.
5. Görülən yuxunun əksinin baş verəcəyini bildirən yuxular. Bu yuxularda şər gördüyün xeyir, xeyir gördüyün isə şər ola bilər.
Batil yuxular dörd yerə bölünür:
1. Şeytan insanı qorxudur, lakin heç bir zərər vermir.
2. Cin tayfası tərəfindən göstərilən yuxulardır ki, yuxu görən yuxu əsnasında çox əziyyət çəkir, belə ki, gah ağlayır, gah gülür.
3. İnsanın halının pis olduğu vaxtda, məsələn: qızdırmalı, yaxud başı ağrıyarkən və ya kədərli vaxtında gördüyü röyalar.
4. Qarışıq yuxular, hansı ki, insan bundan heç nə anlamır. Bəzən qarabasma dediyimiz hadisə bu şəkildə olur və biz onun həqiqət olduğunu düşünüb güclü stress keçiririk”.
YUXUGÖRMƏNİN TƏHQİQİ VƏ TƏHLİLİ
Yuxugörmənin təhqiqi və təhlili də qədim tarixə malikdir. Tarix boyu filosoflar, elm adamları bu problemə müxtəlif münasibətlər bildiriblər. Hamımıza yaxşı məlumdur ki, yuxugörmə probleminə XIX əsrin sonunda geniş elmi baxışdan yanaşan məhz, Ziqmund Freyd olmuşdur. Onun 1900-cü ildə “Yuxuyozmalar “(Tolkovaniye snovideniye) kitabı çapdan çıxıb. Freyd ilk dəfə olaraq yuxuları fizioloji baxımdan, ancaq şüursuzluq hallarına əsaslanmaqla təhlil etməyə çalışıb.
XX əsrin ikinci yarısında beyni öyrənən alimlər bu sahədə müəyyən nailiyyətlər əldə etdilər. Məsələn, bəzi insanların rəngli yuxular görməsi təsdiqləndi, hətta kimlərin rəngli yuxular görməsini də mütəxəssislər əvvəlcədən müəyyənləşdirə bilirlər. Bundan əlavə, neyrofizioloqlar yuxu görən insanın psixikasında(beynində) hansı hissələrin aktiv olmasını dəqiqləşdirə biliblər. Hələlik bu əsas nailiyyətləri qazanmaq mümkün olub. Niyə və necə yuxu görürük sualının cavabını tapmağa isə hələlik heç yaxınlaşmaq belə mümkün deyil.
BİR NEÇƏ MƏSLƏHƏT
Hamı ilk növbədə yuxuların həqiqi olub-olmamağı ilə bağlı məlumat almaq istəyir. İctimai, elmi və tarixi təcrübə göstərir ki, yuxular həqiqi ola da bilər, olmaya da. Mütəxəssisləri çaş-baş salan da elə budur. Freyd yuxuların dolayısı və qeyri-dolayısı yolla yalnız həqiqiliyini təsdiq etməyə çalışır, müxtəlif üsullarla onları yozurdu. Lakin biz bütün günümüzü gecə gördüyümüz yuxunun Freyd kimi və yaxud digər müxtəlif formalarla yozulmasına sərf edə bilmərik. Ona görə də aşağıdakıları unutmayın:
*Heç vaxt bütün həyat və fəaliyyətini yuxulara uyğun qurma! Çünki yuxugörmənin mövcudluğu və nə vaxt görülməsi səndən asılı deyil. Deməli, yuxunun həqiqiliyi də sənin istəyindən və yozumundan asılı ola bilməz.
*Əgər sən bəd yuxular görəndə özünü narahat hiss edirsənsə, gün ərzindəki vacib işlərini təxirə sal. Ən azı ona görə ki, pis yuxular artıq sənin əhvalını pozub. Sən artıq psixoloji cəhətdən özünü görülmüş pis yuxuya qurban vermisən.
*Unutma ki, yuxular həm də insanlar üçün əvəzolunmaz həyati əhəmiyyətli psixoloji müdafiəni yaradırlar. Məsələn: faciəli, qorxulu hadisələri yuxularda görmək, onları yuxularda yaşamaq, əslində səni təbii həyati hadisələrə, faciələrə və qorxulu şəraitlərə hazırlayır. Onun üçün də, tez-tez yuxular görməyə və yuxulara təbii üstünlüklər kimi baxmağa dəyər.
ELIZBAR AQILHOS.